“Mən əslində uğurlu biri deyiləm, sadəcə saxtakaram və bir gün bunu hər kəs biləcək”

Sizdə də buna bənzər düşüncələr olurmu? Məsələn, hansısa bir imtahandan yüksək nəticə əldə edirsiniz. Dostlarınız sizi təbrik edəndə, “şanslı oldum, suallar asan oldu, imtahanı yoxlayan xəta edib, bu qədər yüksək bal toplaya bilməzdim” kimi cavablar verirsiniz.

Daha bir nümunə ilə məsələni aydınlaşdıraq. Hər hansı bir müəssisədə yüksək bir vəzifəni icra edirsiniz, fəaliyyətinizdən də hər kəs məmnundur. Amma, içinizdə bəzi şübhələr var:

Mən bu vəzifəyə layiq deyiləm. Ümumiyyətlə məni bu vəzifəyə necə təyin ediblər? Mənim bacarıqlarım haqqında insanlar yanlış fikirdədirlər. Bir gün əməkdaşlardan biri aşkar edəcək ki, əslində mən o qədər də bacarıqlı deyiləm. Mən əslində onları aldatmışam, üstəlik o qədər də bilikli deyiləm. Çünki, mən bir saxtakaram.

saxtakarlıq sindromu

Əgər bu düşüncələr sizi də narahat edirsə, o zaman “Imposter Syndrome”, yəni saxtakar sindromundan əziyyət çəkdiyinizi deyə bilərəm. Bu fenomen ilk dəfə, 1978-ci ildə Pauline.R.Clance və Suzanne.A.Imes tərəfindən irəli sürülüb. İki müəllif, öz sahələrində xeyli uğurlu və rəğbət görən 150 qadın arasında bir tədqiqat aparmışdılar. Tədqiqat zamanı aydın olur ki, qadınlar özlərinin, işgüzar yaxud akademik nailiyyətlərini sahiblənə bilmirlər. Bəli, öz uğurlarını sahiblənə bilmirlər. Tədqiqat bunu təvazökarlıqla əlaqələndirmir, əksinə daha dərin bir problemdən bizə xəbər verir. Müəlliflər bu sindromdan əziyyət çəkən insanları iki qrupa bölür.

  1. Bu qrupda olan insanların ailəsində həmişə daha üstün olaraq qəbul edilən bacı/qardaşı olub. Yaxud yerli jarqonla desək “filankəsin uşağı” olub. Nə qədər uğur əldə etsələr də, filankəsin uşağı ilə müqayisə ediliblər. Hər uğurlarında ailəsi əslində filankəsin uşağının daha uğurlu və daha intellektual olduğunu deyib. Nəticədə də bu fərddə öz uğuruna qarşı şübhə hissi yaranmağa başlayır və ailəsinin haqlı olduğunu düşünür. Beləliklə saxtakar sindromu fərdin özündə çiçək açmağa başlayır.
  1. Bu qrupda olanlara isə tam tərsinə,həmişə ailəsi tərəfindən daha ağıllı olduqları, daha bacarıqlı olduqları təlqin edilib. Bu təlqin o qədər yerli-yersiz edilir ki, həmin fərdə ideal olduğu aşılanır bir növü. Nəticədə isə məktəbdə, universitetdə yaxud iş həyatında bəzi şeyləri edə bilməyəndə, həmin fərd ailəsinin əslində onu aldatdığını, özünün isə axmaq olduğuna inanmağa başlayır. Beləliklə saxtakar sindromu yenə ortaya çıxmağa başlayır.

Müəlliflər hətta bizə, bu sindromun əlamətlərini müəyyənləşdirmək üçün diaqnostik test də təklif edirlər: “Clance Impostor Phenomenon Scale (CIP; 1985)”. Bundan başqa, digər diaqnostik testlər də mövcuddur:

  • Harvey Impostor Phenomenon Scale (HIP; Harvey, 1981)
  • Perceived Fraudulence Scale (PFS; Kolligan and Sternberg 1991)

Azərbaycancaya tərcümə edilmiş diaqnostik testi isə, buradan əldə edə bilərsiniz. Sindromdan əziyyət çəkən insanlar üçün kifayət qədər tövsiyələr var. Tövsiyələr ilə bağlı ətraflı məlumat əldə etmək üçün, məqalənin sonunda qeyd olunan mənbələrə nəzər yetirməyiniz faydalı olar. Ümumi olaraq isə, peşəkar kouçlardan dəstək almaq və mütaliə etmək, sizə həmişə kömək edəcək.


Mənbə:

Clance, P.R., & Imes, S.A. (1978). The impostor phenomenon in high achieving women: Dynamics and therapeutic intervention. Psychotherapy: Theory, Research, and Practice, 15(3), 241-247

Corkindale,G. (2008). Overcoming Imposter Syndrome. Harvard Business Review.

Hoang, Queena. (2013). The Impostor Phenomenon: Overcoming Internalized Barriers and Recognizing Achievements. The Vermont Connection: Vol. 34 , Article 6.

Molinsky,A. (2016). Everyone Suffers from Impostor Syndrome — Here’s How to Handle It. Harvard Business Review.