“ADDIE” Təlimat dizaynı modeli

ADDIE, təlimat dizaynı modelləri arasında standart kimi qəbul edilir. Çünki bu model özündə, ən çox istifadə olunan elementləri ehtiva edir:

  • Analyse (analiz et)
  • Design (dizayn et)
  • Develop (düzəlt)
  • Implement (implementasiya et)
  • Evaluate (effekti ölç)

Demək olar ki, bütün digər təlimat dizaynı modellərində bu beş əsas element var, sadəcə adları fərqli formalarda verilir. Çünki, fundamental olaraq, digər təlimat dizaynı modelləri ADDIE modelinə sadiq qalır. İstər onlayn, istərsə də sinifdaxili təlim-tədris proqramları olsun, ADDIE modeli, ən çox istinad olunan model olaraq, öz şöhrətini qorumağa davam edir. Modelin mərhələlərinin izahına bir yerdə baxaq.

Təlimat dizaynı, yeni bilik və bacarıqların öyrənilməsi və tətbiq edilməsi üçün, təlim-tədris təcrübəsinin və materiallarının sistematik şəkildə tərtib olunması prosesidir. Bu prosesə, təlim-tədris ehtiyacının analiz edilməsi, təlim-tədris proqramının dizayn edilməsi, materialların hazırlanması, iştirakçılara təqdim edilməsi və effektin ölçülməsi mərhələləri daxildir.

Analiz et

Bu mərhələ, ADDIE modelinin ilkin və giriş hissədir. Bu hissədə təlimat dizaynerləri, maksimum məlumat toplamaq üçün səy göstərməlidir. Təlim-tədris ehtiyacı, iştirakçı auditoriyası, büdcə, təlim-tədris kontenti, materialı və materialın çatdırılma növü haqqında məlumat toplamaq, növbəti addımlar üçün fundament rolunu oynayır.

Dizayn et

Birinci mərhələdə əldə olunan bütün məlumatlar, bu hissədə ilkin plan halına gətirilir. Təlimat dizaynerləri bu hissədə təlim-tədris proqramının hədəflərini müəyyənləşdirir, qiymətləndirmə meyarlarını təyin edir, rentabelliyi ölçür və təlim-tədris kontentini formalaşdırmağa başlayır.

Düzəlt

Dizayn edilən ilkin plan, bu mərhələdə təlimat dizaynerləri tərəfindən yekun kontent halına gətirilir. Təlim-tədris proqramının bütün materialları hazırlanır. Pilot tətbiq olunur.

İmplementasiya et

Bu mərhələdə təlim-tədris mühiti hazırlanır. Təlim-tədris proqramının kontenti auditoriyaya təqdim olunur.

Effekti ölç

Bu mərhələdə, həm auditoriyanın təlim-tədris proqramından nə əldə etdiyi qiymətləndirilir, həm də təlim-tədris proqramının materiallarının, proqramın dizaynının ümumi effekti ölçülür. Qiymətləndirmə prosesi isə əsasən Kirkpatrick modeli üzərindən aparılır. Modelin mərhələləri isə belədir:

  1. Reaksiya-Təlim-tədris proqramında iştirak edənlərin göstərdiyi ilkin reaksiya (bəyənmək, bəyənməmək)
  2. Bilik– Təlim-tədris proqramı ilə əldə olunan biliklər nələrdir
  3. Davranış– Təlim-tədris proqramı ərzində əldə olunan biliyin, vəzifənin icrası zamanı istifadə olunması
  4. Nəticə-Yekun olaraq müşahidə olunan dəyişiklik (xərcin azalması, xidməti fəaliyyətin inkişafı, davranışsal dəyişiklik)

Təlimat dizayneri, başdan sona qədər, təlimat dizaynı prosesininin bütün mərhələlərini həyata keçirən şəxsdir. Bu şəxs, təlim və inkişaf üzrə mütəxəssis, insan resursları üzrə mütəxəssis, təhsil üzrə mütəxəssis ola bilər.

Yekunda qeyd etmək lazımdır ki, şirkətlərdə, təlim-tədris proqramlarının effektiv tətbiqi üçün ADDIE modelinə istinad etmək tövsiyə olunur. Modelin hər mərhələsini yüksək səviyyədə tətbiq etmək bəzən çətin olacaqdır. Amma, şirkətlərin təlim üçün ayırdıqları büdcənin səmərəli istifadəsi üçün, təlimat dizaynerləri bu prosesə daha ciddi yanaşmalıdır. ADDIE modelinin tətbiqində çətinlik yaşayan təlimat dizaynerləri, öz şirkətlərinin biznes hədəflərinə uyğun olaraq, daha çevik modellərdən istifadə edə bilər. Məsələn, Michael Allenin “Successive Approximation Model” metodu daha çevik və iterativ hesab olunur və ADDIE modelinin güclü alternativi sayılır. Ən effektiv modeli isə, təlimat dizaynerləri, maraqlı tərəflərlə keçirdikləri görüşlər vasitəsilə daha rahat və dəqiq təyin edə bilərlər.


Mənbə:

Allen,M. (2012). Leaving ADDIE for SAM. Alexandria, VA: ATD Press

ATD. (2020). Foundations of instructional design: Methodology and learning theories. Available at: https://www.td.org/talent-development-glossary-terms/what-is-instructional-design

Branch,R.M. (2009). Instructional design:The ADDIE approach. New York. Springer

Kirkpatrick, D. L. (1994). Evaluating training programs: the four levels. San Francisco: Berrett-Koehler.